Çat qızı
Dostumuz çat qızı ilə evlənirdi. Çevrəmdəki dostlarımın qanı qara idi. Amma toyda iştirak etmək boynumuzun borcu olduğundan, şənliyə getməyə yığışan əzizlərdən təkcə mənim keyfim yerində idi. Şənlikdə də dost çevrənin kişi üzvləri
ağızlarına su alıb susmuşdular. Dostumuzun damarına toxunmasın deyə kimsə danışmaq istəmirdi. O çat qızı gözəl həyat yoldaşı oldu. İki gül parçası övlad, gəlinindən yerdən-göyə razı qayınana, həyat yoldaşının yataq xəstəsi olmasının acısını məhz çat qızının gəlişindən sonra unuda bilən qayınata, ənənəvi özəlliklərini biryolluq yaddan çıxaran baldızlar və qayın. Amma qızın çatdan "tapılması" assosiasiyasının çevrəmizdə hələ də yaşanması məndə bu xidmət növünə qəribə bir aqressiya oyatmışdı. Üstəlik türk kanallarında gecə-gündüz aparılan anti-təbliğat bu nəsnənin çox əcaib bir şey olduğuna əminlik yaratmışdır. Yəqin ki, bu fikirlərimə görə mənə gülən də tapılacaq. Amma siz gülməzdən əvvəl mən onu deyim ki, qonaq olduğum evlərdə həmişə qız uşaqlarını bu xidmət vasitəsindən uzaqda tutmağa çalışdıqlarını görmüşdüm. Hətta kişilər də həyat yoldaşlarının yanında bu xidmətin adını dillərinə gətirmir. Bir günsə, çox vacib bir məqam yarandı və mən çatdan yararlanmalı oldum. Şer toplusunun dilimizə sətri tərcüməsi lazım olan dostum İstanbuldan aradı və biz birlikdə işlməyi qərarlaşdırdıq. Bir həftənin bütün saatlarını yazışdıq, pozuluşduq, mübahisə etdik, incidik, barışdıq və çat deyilənlə tanışlığım belə başladı. Marağım güc gəldiyindən arabir çatın digər otaqlarına da baş vurdum. Heç demə çat virtual beyin mərkəzi imiş. Bəşərin həmişə arzusunda olduğu bir cəmiyyət. Sərhədləri olmayan, heç bir kompleks yaşanmayan, istənilən müzakirələrə qatıla bildiyin, toplumların münasibətini, marağını müəyyənləşdirə bildiyin və nə istərsən tapa bildiyin bir dünya. Və sənin azadlığın burada heç kimin azadlığını məhdudlaşdırmır. Elektron ünvanıma ailə problemləri ilə bağlı yazıdan sonra ucqar rayonların birindən gəlmiş məktubu xatırlayıram. Cavan gəlindi. Üzləşdiyi problem sarıdan ailəsi artıq dağılmaq üzrədir. Dərdini heç kimə deyə bilmir. Barmaqla göstərib gülərlər, bütün günü söhbət mövzusuna çevrilə bilər. Amma o problem artıq əsəblərini yerindən oynadıb. Bilirəm ki, desəm çatda dərdinin əlacını öyrənə bilərsən, qulaqlarını tutar. Özüm axtarıram onun probleminin həllini və asanlıqla tapıram. Heç demə bu dünyada pul deyilən bir nəsnə də yoxdur. Bütün yardımlardan yararlana bilərsən. Bəs bizim toplum bu virtual, həmişə xəyalımızda və nağıllarımızda arzulanan dünya. Görəsən bizim toplum bu virtual dünyada necə təmsil olunur. Odalarımızı ələk-vələk edirəm. Öyrəndiklərimi, şahidi olduqlarımı yazımmı? Məncə ehtiyac yoxdur. Bircə onu deyim ki, bizim təmsilçilər bu virtual dünyaya yeni ifadə tərzləri -hər halda yaxşı mənada yox- gətiriblər. Səhər tezdən qəzetləri vərəqləyirəm. İnternet klubun qarşısında 17 yaşlı iki gəncin dalaşması bıçaqlaşma ilə nəticələnib. Onlar çatda tanış olublar, aralarında yaranan mübahisəni çözmək üçün görüşüblər və qətl baş verib. Həmkarıma köşəmin adını oxuyuram. Utanmırsan deyir, o nə addı qoymusan? Bu mənim tanıdığım çatın "sirlərinə" bəlkə də ən çox bələd olan biridir. Darıxmaqdandır deyir, yoxsa çat kimin nəyinə lazımdır, bir də gördün aludə oldun. Həlbət köşəni oxusa məndən inciyəcək də. Deməli bizdə hələ uzun müddət çatla bağlı komplekslər yaşayacağıq. Reallıq bunu diktə edir.
salam
Sentyabr 26, 2008 0:20



primitiv insanlar düşünür ki, çat və internet - pozgunluq yuvasıdır. Onda gərək TV-yə baxmasınlar ki, orda da erotik səhnəli filmlər var. Virtual məkanda real cəmiyyətimizdəki kimi hər cür adam tapmaq olar. Ürəyin kimi istəyir, onunla da ünsiyyət qur. Çatdan qız/oğlan tapmaq ata-ananın sənə tapdığı və zorən evləndirdiyi adamdan daha yaxşıdır.
İyul 3, 2008 21:12