BAYRAQDAR
Elçinin nə yazdığının fərqində olmadığım vaxtlarda belə dilinin, həmahəng ədəbiyyatımızdan fərqli üslubunun vurğunuydum. Tozlu-torpaqlı kənddən ədəbiyyatın yarandığı və rəvac tapdığı paytaxta gələnə, müxtəlif ədəbiyyat adamlarının elə ədəbiyyatla bağlı söhbətlərinə qulaq kəsilənəcən. Ara-bərə bu dili bəyənməyənlər də tapılırdı və hərdən şübhə də edirdim. Bəlkə doğurdan da Elçinin dili qurudur, o heç nə yarada bilməyib? Özü də bu tək-tük adamlar mənim dəyər verdiyim adamlar idilər. Son illərin qaçdı-qovdusunda əlimə keçənlərin içərisində Elçindən heç nə yox idi. Ya mən rastlamamışdım, ya da o yazmırdı. Bu dil söz-söhbətindən sonra yenidən oxumağa başladım.
***
Ayrılıb birləşək
Ayrılmaq həmişə adamı təmizləşdirir. Göz yaşları, həsrət bütün pislikləri yuyub aparır. Ayrılmışıq, Araz çayını qınaya-qınaya bütün pislikləri, naqislikləri, satqınlığı, xəyanəti unudub həsrətlə yaşamışıq. Elə bir həsrətlə ki, o tay Bakını Məkkə bilib. Bu tayın həsrəti Savalanın zirvəsindən bir xışma qar həsrəti ilə can verib. İki bölünmüş torpağın həsrəti tikanlı məftillərə güc gələndə, həsrət torpaqlara ayaq basanlar daşı-divarı öpüşlərə qərq ediblər.
.... Kövşənlik ...
Klaviaturanı boş-boşuna taqqıldadıram. Heç nə yaza
bilməsəm də, düymələri səsləndirməkdən
xoşallanıram. Başımı əllərimə söykəyirəm. Ağlamaq
istəyimi güclə boğub düymələri bir də vər-vürd
edirəm. Məni sevmədiyinə əmin olduğum tənqidçi ucu
güləbətli sözləri bir-birinə bənd edib elə hey danışır.
Üzünə baxsam da, nə dediyini avardmıram. Deyəsən
GİLEY
Bahar birdən gələr ömrümə
dünya bəyazlanar
həsrətimdən ağ bir gəmi boylanar
qəfil çiçəklənər güllər
güllü günlər uzandıqca-uzanar
kandarımasa bir alaqotu qıymaz belə
Qəlbim kimi
Tənha komam sevinsin deyə
...Sən eynən bahar kimi...
Pərvanələrinə qoşulub
Şamlarına yandığım Yay
qap-qara qaraldar
dəyişər çöhrəmin rəngini
qovurar saçlarımı
sümüklərimsə qızmaz qoca qarılar kimi
əritməz ürəyimin buzunu
gözlərimin donu açılsın deyə
Pəncərəmdən bir yol boylanmaz
Günəş
...eynən Sənin kimi...
Asi
Nikolaydan qalma çarpayıda duruş tuta bilmədiyindən kişinin yerini döşəmədən salmışdılar. Qarışqa kimi torpaqda eşələnməkdən kösövə dönən kişinin balışının başını qız nəvəsi kəsdirib dayanmışdı. İki dəqiqədən bir arvadların biri qolundan tutub eyvana ötürsə də, gədə həyasızlığına salıb özünü otağa dürtürdü. Ağzının suyu çənəsinə yayılan uşaq əllərini kişinin qırış doğramış üzündə gəzdirəndə gözlərini açdı.
ELEGİYA
sənin doğum günün yadımdadı,
lap elə bu günkü gün kimi.
torpaq döşəmədə qıvrılan anam
hər qıyya çəkincə evimizin son beşiyi bacımız
özünü dəmir çarpayının altına təpirdi.
Gözü yaşlı, ürəyi nifrətlə ağızbağız
bizlər səbirsizliklə gözləyirdik,
anamızı belə əzablara düçar etdiyindən səni didmək, parçalamaq üçün.
Sənin doğum günün hələ yadımdadı, qaqaş...


